“Qarabağ” üçün 2018 sınağı: ən azı, ötən ilki uğur təkrarlanacaqmı?

04.06.2018 12:54     Sport reaksiya     980

Natiq Muxtarlı: “Qurban Qurbanov özünün fəlsəfəsinə uyğun oyunçuları transfer edəcək...”

“Qarabağ” futbol klubunun əsas oyunçularının komandanı tərk etmələri, yaxud onlarla yeni müqavilələrin imzalanmaması gündəmdən düşmür. Son Çempionlar Liqasında tarixi uğur qazanaraq, qruplara düşən Ağdam təmsilçisi bu il də ölkəmizi ən mötəbər yarışda təmsil edəcək.

İyunun 19-da “Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi məlum olacaq və Qurban Qurbanovun yetirmələri iyulun 10 və ya 11-də ilk oyununa çıxacaq. Lakin turnirin başlanmasına qısa müddət qalmış klubu bir-birinin ardınca oyunçuların tərk etməsi fərqli mövqelərə səbəb olub.

Doğrudur, “Qarabağ” boş dayanmır, artıq gedən futbolçuların yerini dolduracaq bir neçə futbolçu transfer edib. Lakin futbol mütəxəssisləri yeni oyunçuların kluba uyğunlaşmalarının bir müddət vaxt aparacağını və nəticədə bunun Çempionlar Liqasındakı yarışa təsirsiz ötüşməyəcəyini düşünürlər.

Hər kəsi bir sualın cavabı daha çox narahat edir. “Qarabağ” heç olmasa Çempionlar Liqasındakı son uğurunu bu il də təkrarlayıb, Azərbaycan xalqını sevindirə biləcəkmi? Axı, söhbət təkcə futboldan yox, həm də Qarabağ adının təbliğindən gedir...

Fazil Mustafa ile ilgili görsel sonucu

Futbolla yaxından maraqlanan Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa futbolçuların bir klubda daimi qalmaları kimi ənənənin olmadığını söylədi: “Anladığım qədəri ilə Çempionlar Liqasında oynayan oyunçular məvaciblərinin və transfer qiymətlərinin artırılmasını yəqin istəyiblər. Buna da imkan nə qədər çatıb-çatmayıb deyə bilmərəm. Amma görünən odur ki, həmin oyunçuları klubda saxlamaq uyğun gəlməyib. Çox güman ki, klubu tərk etmələr bu motivdən doğur. Adətən bir komanda uğur qazananda əvvəlki qiymətlərlə oyunçunu saxlamaq problemə çevrilir. Amma dünyanın sonu deyil. Çünki yeni oyunçularla uğurları təkrarlamaq imkanı var. Söhbət yeni transferlərin nə səviyyədə hazırlıqlı olmalarından, daha uyğun adaptasiya dövrünü keçməsindən gedir. Hər halda ”Qarabağ" klubunun bir ənənəsi, özünəməxsus sistemi var. Bu sistemi qoruyub saxladıqda oyunçular getsə belə, yenilərlə də müəyyən hədəflərə çatmaq mümkündür".

Deputat onu da bildirdi ki, bu komandanın sıradan çıxması yaxud zəifləməsi Azərbaycanın milli maraqlarına uyğun deyil: “Biz elə etməliyik ki, klub ən azından ötən ilki nəticələrini təkrarlasın. Təsəvvür edin ki, bu gün UEFA kubokunu qazanmış komanda ilə həm səfərdə, həm də evində heç-heçə etmək ”Qarabağ"ın nə qədər ciddi sistemə və potensiala malik olduğunu göstərir. Hər halda klubun zəifləməsi çox üzücü olardı. Bütün imkanları səfərbər edib onu ayaqda tutmaq lazımdır. Bu adın Avropa və dünya məkanında Çempionlar Liqasında səslənməsi bizim böyük bir təbliğat maşınımızın işləməsi deməkdir. İstənilən halda “Qarabağ” bu itkilərə görə problem yaşayacaq. Amma gedişatdan çox şey asılı olacaq. Klubunun parlama imkanları da az olmayacaq. Bu imkanlar ətrafında müəyyən məsələləri həll etmək mümkün olacaq. Baş məşqçinin də burada rolu böyükdür, amma məşqçi meydanda oynamır, bu funksiyanı oyunçular yerinə yetirirlər. Yaxşı futbolçular olmalıdır ki, baş məşqçi də bundan faydalansın bu oyunçular üzərində sistem qurulsun. Sistemə oyunçular adaptasiya olunanda qabiliyyətləri tələbata nə qədər cavab verməsə belə sistem komandanı ayaqda saxlaya bilər. Hər halda kluba bir neçə yaxşı transferlərin edilməsi vəziyyəti dəyişə də bilər".

Natiq Muxtarlı ile ilgili görsel sonucu

Komanda.az saytının redaktoru Natiq Muxtarlı “Qarabağ”ın heyətindəki dəyişikliklərin komandanın oyununa təsir edəcəyini düşünür: “Bütün hallarda ”Qarabağ"ın əvvəlki sistemlə oyunu, uğurlarının davamı transfer ediləcək əcnəbi futbolçulardan asılı olacaq. Çünki onsuz da klubu tərk edən yerli oyunçular Avropa kuboklarındakı oyunlarda o qədər əhəmiyyətli rol oynamırdılar. Açığı, “Qarabağ”ın indi transfer etdiyi yerli futbolçuların da Avropa kuboklarda əhəmiyyətli olacaqlarını düşünmürəm. Bütün hallarda komandaya gələn əcnəbi futbolçuların hansı səviyyədə olduqlarını gözləməliyik. Artıq bu transferlərdən biri reallaşıb. “Qəbələ”nin oyunçusu Filip Ozobiç “Qarabağ”a transfer olunub. Ozobiç Azərbaycan futboluna bələd oyunçudur. O futbolumuzun içərisində bişib. Onun “Qarabağ”a adaptasiya olunmasında ciddi problem görmürəm. “Qəbələ”nin Avropa oyunlarında əsas silahı da o idi. Onun mərkəz xətdə yeni klubuna uğur gətirəcəyini düşünürəm. Məni ən çox narahat edən “Qarabağ”ın hücum xəttinə transfer olunacaq futbolçulardır. Bu xəttə adaptasiya olunan oyunçu “Qarabağ” üçün əsas silaha çevriləcək. Belə transferlər nə qədər tez olunsa, bir o qədər yaxşı olar. Dəfələrlə görmüşük ki, “Qarabağ” avrokubok oyunlarının ilk mərhələsində zəif təsir bağışlayıb. Bu da təlim-məşqlərdən sonra xətlər arasında əlaqələrin tam bərpa olunmamasının səbəbidir.

Millinin  oyunları bitib. Bu baxımdan təlim-məşqlərə qədər transferlər mütləq həyata keçirilməlidir. Çünki vaxt qazanmaq üçün bu vacibdir. Yeni oyunçuların kimlərin olduğunu gözləyək. Yalnız ondan sonra konkret fikir söyləmək olar. Azərbaycan futbol ictimaiyyətinin narahatçılığı başa düşüləndir. Onlar “Qarabağ”dan əvvəlki uğurlarının təkrarını ən azından gözləyirlər. Klub rəhbərliyinin açıqlamasından görünür ki, yüksək səviyyəli futbolçularla danışıqlar aparılır və belə oyunçuların transferi gündəmdədir. Belə oyunçuların adaptasiya mərhələsi də bir qədər yüngül keçir. Bunu bütöv legionerlərə də aid etmək olmaz. Güman edirəm ki, Qurban Qurbanov oyun fəlsəfəsinə uyğun oyunçuları transfer edəcək. Onun aylardır futbolçuları izlədiyini düşünürəm. Bir məsələdə bəxtimiz gətirəcək ki, ilkin mərhələdə “Qarabağ”ın rəqibləri dişinə uyğundur. Bu baxımdan yeni oyunçuların adaptasiya olunmaları üçün bu oyunların böyük əhəmiyyəti olacaq".

Reaksiya.az

Şərhlər

Çox oxunanlar