Bu gün Azərbaycan Premyer Liqasında altıncı tura start veriləcək

29.09.2018 11:28     Sport reaksiya     972

Sentyabrın 29-da futbol üzrə Topaz Azərbaycan Premyer Liqasının VI turuna start veriləcək. Reaksiya.az xəbər verir ki, iki günü əhatə edəcək turun açılış matçı "Bakcell Areana"da baş tutacaq. Turnir cədvəlinin liderlərindən sayılan "Neftçi" klubu "Səbail" komandasını qəbul edəcək. Bu komandalar indiyədək çempionat oyunlarında 4 dəfə üz-üzə gəliblər. Yalnız ötən mövsüm qarşılaşan paytaxt təmsilçilərinin son 3 oyununda “Neftçi” qalib gəlib. “Ağ-qara”lar ev matçlarında 2 top fərqi ilə qələbə qazanıblar. Topların fərqində də flaqmanın üstünlüyü var - 9:2. İnqilab Məmmədovun idarə etdiyi görüş Bakı vaxtı ilə saat 18:55-də başlayacaq. "Neftçi" ilə eyni xala malik olan "Qarabağ" isə səfərdə Premyer Liqanın debütantı "Sabah" klubu ilə qarşılaşacaq. Bu komandalar indiyədək heç bir rəsmi görüşdə üz-üzə gəlməyiblər. Görüş saat 20:50-də başlayacaq. Oyunun baş hakimi Rəhim Həsənov olacaq. Turun digər iki matçı isə sentyabrın 30-da keçiriləcək. "Qəbələ" doğma meydanda "Keşlə" ilə münasibətlərə aydınlıq gətirəcək. Komandalar Premyer Liqada 40 dəfə qarşılaşıblar. Oyunların 11-də əyalət təmsilçisi, 14-də "Keşlə" klubu meydanı qələbə ilə tərk edib. 15 görüşdə isə qalib müəyyənləşməyib. Topların fərqində də paytaxt klubu öndədir - 51:40. "Qəbələ" rəqibinə qarşı keçirdiyi son 7 çempionat oyununda meydanı qolsuz tərk etməyib. Əvəzində "Keşlə" ardıcıl 11 oyundur rəqibini məğlub edə bilmir. Altıncı tura "Bayıl Arena"da keçiriləcək "Sumqayıt"-"Zirə" matçı ilə yekun vurulacaq. Komandalar arasındakı çempionat oyunlarının 6-da "Zirə", 3-də "gənclik şəhəri" təmsilçisi qələbəyə sevinib. Üç matç isə heç-heçə yekunlaşıb. Topların fərqində də qəsəbə klubu öndədir - 15:10. Son 5 Premyer Liqa matçında hər iki komanda qol sevinci yaşayıb. “Zirə” son 6 görüşdə rəqibinə yalnız bir dəfə uduzub. Qeyd edək ki, beş turdan sonra turnir cədvəlinə hərəyə 13 xalı olan “Neftçi” və "Qarabağ" klubları başçılıq edir. Aktivində 10 xalı olan debütant “Sabah” klubu üçüncü yerdədir. Digər pillələrdə isə müvafiq olaraq “Sumqayıt” (7), “Səbail” (5), “Qəbələ” (4), “Zirə” (2) və “Keşlə” (1) qərarlaşıblar.

Şərhlər