“Qarabağ” İngiltərə Premyer Liqasından oyunçu alır

02.09.2019 15:03     Sport reaksiya     962

Avropada transfer pəncərəsinin bağlanmasının sonuncu günü "Qarabağ” yeni qapıçı alır.
 
Qol.az-ın əldə etdiyi xəbərə görə, Ağdam klubu İngiltərə Premyer Liqa təmsilçisi "Bornmut”un qapıçısı Asmir Beqoviçi heyətinə cəlb edir. Bosniya millisinin 32 yaşlı qapıçısı ilə 1 illik icarə müqaviləsi imzalamaq üzrədir. Tərəflər arasında danışıqların son mərhələyə çatdığı, yaxın saatlarda transferlə bağlı rəsmi açıqlama veriləcəyi gözlənilir.
 
Qeyd edək ki, Beqoviç İngiltərədə müxtəlif vaxtlarda "Çelsi”, "Stok Siti”, "Portsmut”, "Yovil Taun”, "İpsviç Taun”, həmçinin Belçikada "La Luvyer” komandalarında da oynayıb.
 
Şehiç niyə transfer edilmədi?
 
"Qarabağ” Bosniya millisinin başqa qapıçısı İbrahim Şehiçi də almaq istəyib. Məşqçilər heyəti hesab edib ki, Şehiçin komandaya uyğunlaşması çox zaman aparmayacaq. Futbolçu özü də yenidən Azərbaycanda oynamağa razılıq verib. Lakin onun hazırkı klubu "Ərzurumspor” (Türkiyə) yüksək təzminat tələb etdiyindən "Qarabağ” türk klubu ilə danışıqları dayandırıb. Ona görə də "Qarabağ" transfer siyahısında olan digər qapıçı Asmir Beqoviçlə danışıqlar apararaq onunla razılıq əldə edib.
 

Şərhlər

Çox oxunanlar