Fransız yazıçısı kimi tanınan azərbaycanlı xanım

25.01.2016 15:14     YazarKlub     2227

Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra bir çox dövlət xadimlərinin, görkəmli ziyalıların ailələri ölkəni tərk etmək məcburiyyətində qaldı. Belə ailələrdən biri də cümhuriyyət dövründə ticarət və sənaye naziri vəzifəsini icra edən Mirzə Əsədullayevin ailəsi olub.

Mirzə Əsədullayev məşhur Azərbaycan milyonçuları - Şəmsi Əsədullayevin oğlu və Musa Nağıyevin kürəkəni idi. Onun həyatında baş verən fırtına təbii ki, qızı Ümm-əl-Banudan da yan keçə bilməzdi.

Ümm-əl-Banu 1905-ci ilin yanvarında Bakıda anadan olsa da məlum hadisələrə görə vətənindən didərgin salındı. O, sonralar “Banin” təxəllüsü ilə Fransa ədəbiyyatının tanınmış simalarından birinə çevrildi. Ömrünün sonunadək Fransada yaşayıb-yaratmış azərbaycanlı yazıçı kimi məşhur olan Banunun bu il 111 yaşı olur.

Yazıçı sonralar öz taleyi haqqında yazırdı: “Mən doğma anamı tanımırdım. Çünki, gözümü açanda o artıq dünyasını dəyişmişdi”. Onun dünyaya gəlişi kimi, sonrakı həyatı da rəvan keçmir. Hakimiyyətə gələn bolşeviklər atasını həbs edirlər, babalarının var-yoxu əllərindən alınır. O, atasını həbsxanadan qurtarmaq, ölkədən çıxmaq üçün istəmədiyi, lakin hörmətli bir şəxsə ərə gedir. O, 19 yaşında Türkiyədə əri Balabəy Qocayevdən ayrılaraq Parisə doğmalarının yanına yollanır. Fransada maneken, mağazada satıcı, dəftərxanada katibə, tərcüməçi işləyir. Sonradan Banu fransalı dostlarının məsləhəti ilə xatirələrini qələmə almağa başlayır.

Onun 1946-cı ildə “Banin” imzası ilə dərc olunan “Qafqaz günləri” kitabı müəllifinə ilk uğur qazandırır. Kitab işıq üzü gördükdən sonra Andre Marlo, İvan Bunin, Nikos Kazaçakis, Anri Monterlen, Ernest Yungen kimi qərb yazıçılarında Baninə rəğbət yaranır. İkinci Dünya müharibəsinin iştirakçısı, alman yazıçısı və filosofu Ernest Yungenlə Baninin dostluğu yarım əsrdən çox davam edir. Banin hətta Yungen haqqında kitab yazır.

Baninin uşaqlığının ağlı-qaralı xatirələri “Qafqaz günləri” kitabında əks olunub. Bundan sonra yazdığı “Paris günləri”, “Ernst Yungenlə görüş”, “Mən opiumu seçdim”, “Sonra”, “Sonuncu ümidin çağırışı” və digər romanları ona geniş oxucu rəğbəti qazandırır. Son kitabı – “Mariya mənə nə danışdı” romanı 1991-ci ildə, ölümündən bir il əvvəl işıq üzü görür.

Banin Fransada təkcə romanları ilə deyil, həm də rus, ingilis, alman dillərindən gözəl tərcüməçi kimi tanınırdı. O, İvan Buninin və Fyodor Dostoyevskinin yaradıcılığının ən yaxşı bilicilərindən sayılırdı.

Yaşından nisbətən cavan görünən Baninin şux görkəmi hamını heyrətə salır və onu Şərq gözəli adlandırırdılar. Yazıçı İvan Bunin ona “Şamaxı şahzadəsi” adı qoymuşdu.

İlk dəfə onu Azərbaycan oxucusuna diplomat Ramiz Abutalıbov tanıdıb.

Fransız mühitinə qaynayıb-qarışmasına baxmayaraq, Banin soy-kökünü heç vaxt yaddan çıxarmamışdı. O, Dağlıq Qarabağda baş verən hadisələri həyəcanla izləyirdi. Parisdəki “Azərbaycan evi” assosiasiyasının üzvü olan Banin Fransanın kütləvi informasiya vasitələrində mütəmadi olaraq Qarabağ hadisələri ilə bağlı məqalələrlə çıxış edirdi.

Fransanın “Fiqaro” qəzeti 1992-ci il oktyabrın 29-da olduqca kədərli bir məlumat yayır: “İlk fransızdilli azərbaycanlı yazıçı Banin vəfat edib...”.

Ömrünün axırınadək Vətənə gələ bilməyən, Azərbaycan həsrəti ilə dünyadan köçən Banu üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmiş, öz qələmi ilə Azərbaycanı dünyada və Fransada tanıtmışdı. Bu gün onun yazdıqları Azərbaycan həqiqətlərinin bir qismini təşkil edir və həmvətənləri və dünya oxucuları tərəfindən maraqla oxunur.

Şərhlər