HİCRANIN NƏĞMƏLƏRİ - Məmməd Dəmirçioğlundan

16.08.2015 01:41     YazarKlub     2843

Birinci nəğmə

Qürubun gözlərindən çilənib göy üzünə,
Çilik-cilik buludlar,sarı çiçəklər kimi.
Min illik intizar tək, Anadillərin səsi
Görən kimi itirib, görəsən bəklər kimi.

Ayın qərib haləsi, min illik intizar tək
Bəyaz qulaclarıyla gecələri qucaqlar.
Min illik intizar tək məğrib-məşriq arası
Sönür axşam düşəndə, səhər yanan ocaqla.

Sevdalı bahar gəlir, uçub gedir bir anda,
Çiçəklər açır-solur min illik intizar tək 
Min illərdi könlümdə dönüb İshaq-Mushaqa.
Oxuyur intizarla sevda dolu bir tütək.

İkinci nəğmə

Böyüb qaranquş balası kim
Yuvanı boş qoyub uçdunsa çıx get
Bu dəli sevdaya havalı başa,
Gəlmiş qəzaydınsa, suçdunsa çıx get.

Sənə varan yolu verəcəm selə
Gözümün yaşını qırpa- qırpa mən.
Sənə vardığım tək geri dönəcəm,
Yolların tozunu çırpa-çırpa mən

Uçan quşlar misal, dönər nöqtəyə
Getdikcə gözümdən itər bu sevda.
Eyvanımda qalmış boş yuva kimi,
Sökülə-sökülə bitər bu sevda.

Üçüncü nəğmə

Mənsiz hara varsan, haraya baxsan,
Bu dünya gözündə heç olacaqdı.
O son ümidinə qayıdacaqsan, 
Qayıdıb gələndə gec olacaqdı.

Sonunda ümid yox sən gedən yolun,
Tozlu gözlərimdə gözlənəcəksən.
içimi söndürən bir ağrı kimi
közümün içində közlənəcəksən.

Səni son nəfəs tək üfürdüm göyə,
Bir durna ahına qoşul da, getdə.
Bütün gəlhagəllər səninlə getdi,
Səni gözləyəcəm bu gethagetdə.

Dördüncü nəğmə

Sənsiz ötən anlar səhra yorğunu
İçimdə can verir bu vaxt bu vədə.
Necə can verirdi Məcnun ümidilər,
Leylini aparan boş kəcavədə.

Od alan Əslinin göz yaşlarında
Gör necə çırpınır sona ümidlər.
Bu dərdə Kərəm tək yana bilərdim,
Qorxuram odumda sönə ümidlər.

Sənsiz ötən anlar daşdan ağırdı,
Lələkdən yüngüldü uçan sevincim.
Öldü Məcnun kimi, yandı Kərəm tək, 
Leylini, Əslini qucan sevincim.

Beşinci nəğmə

Son sözü deməyə yoxdu macalım
Son səhər açılmır,son günəş batır.
Səndən küsən arzum, səhər şehi tək
Bir gül ləçəyinə bükülüb yatır.

Səndən küsən arzum, çıxacaq yoxa,
Yuva tək ləçəklər boş qalacaqdı.
Başının üstündə hicran yelləri
Qumru avazıyla hay salacaqdı.

Daha əl eyləmə, geri qayıtmaz,
Başının üstündən əsən yellərə
sənə çatasıdı, bir namə yazdım
Durna qatarından düşən tellərə.

 

 

Şərhlər