Nifrət etdiyim payız...

23.09.2015 14:31     YazarKlub     4341

Yenə də payız gəlir, nifrət etdiyim payız...

Yenə də payız gəlir. Nifrət etdiyim payız. Yenə də üstümə kədər çökəcək, qəm ələnəcək. Yenə də ürəyimin telləri qəmli bir melodiyanın notları ilə döyünəcək. Yenə də həyatdan küsüb özümə qapılacam. Yenə də səhər evdən çıxıb o ünvana tələsəcəm. Bir də axşam xəzəl olmuş yarpaqları xışıldada-xışıldada geri dönəcəm. Yenə də tənhalığımın, kimsəsizliyimin ağırlığı çiyinlərimə enəcək. Yenə də pəncərəmdən süzülən yağış damcıları mənə laylay çalacaq, səhərə qədər göz yaşlarım yastığımı isladacaq. Hər axşam olduğu kimi yenə də o günlər kino lenti kimi göz önümdə canlanacaq. Səni tapdığım və itirdiyim o günlər...

Səni bir payız günü dəniz limanında tanımışdım. Toyumuz da elə payızın ilk günü olmuşdu. O vaxtlar payızı, dənizi özüm qədər sevirdim, sevirdim ki, səni mənə mehman yetiriblər. Ancaq səni necə tapmışdımsa, eləcə də bir payız günü dənizdə itirdim. Yenə də səfərə çıxırdın. Yağışın yuduğu limanda qoşa addımlayırdıq. Bir azdan gəmin tərpənəcəkdi. Hava da bərk küləkli idi. Nə qədər ki, sən yanımdaydın, mənimləydin, soyuq mənə əsər eləmirdi, elə ki, pəjmürdə saçlarıma sığal çəkib "görüşənədək" dedin, sanki çovğuna düşdüm. Söz verdin ki, bu, axırıncı gedişin olacaq, bir daha məndən ayrılmayacaqsan. Necə də sözünə sadiq çıxdın, gedişin o gediş oldu. Həm də elə getdin ki, bir daha qayıtmağın mümkün olmadı. Zalım dəniz səni mənə necə gətirmişdisə, eləcə də məndən qopardı. Öz ağuşuna aldı qara sular səni. O gündən payıza, dənizə nifrət edirəm.

Yenə də payız gəlir. Nifrət etdiyim payız. Yenə də günüm limanda keçəcək. Yenə də sənli xatirələrimlə baş-başa qalacağam... 

Şərhlər