Ayrı düşən sevgilərdən geri qalan göz yaşıyam - Şeirlər

24.06.2015 11:33     YazarKlub     3172

 
Reaksiya.Az gənc şair Toğrul Turqutun şeirlərini təqdim edir:
 
***
Arzuya, istəyə çatıb gedibsə,
Aləmi bir-birnə qatıb gedibsə,
Yar səni tək qoyub,atıb gedibsə,
Vəfasız sevgidən güc alma, şair.
 
Biri qəlb evini qarət eyləsə,
Bir iki demədən adət eyləsə,
Görüşə çağırıb,dəvət eyləsə,
Çalış görüşünə gec qalma, şair.
 
Qırıb qol qanadın, bağlıyıb əlin, 
Yaxşı söz deyənin kəsirlər dilin,
O yüksək mərtəbə deyil mənzilin,
Zirvəli dağlara ucalma şair.
 
Bu dünya əvvəldən amansız gedir,
Zamanla gələnlər,zamansız gedir,
Hamımız lüt-üryan,tumansız gedir,
Hər gecə düşünüb qocalma şair.
 
Şair nağıllarda geyindi donu,
Görənlər barmaqla göstərir onu,
Düşünmə nə olar nağılın sonu,
Sənə qalacaqdır üç alma, şair.
 
**
Mən kiməm ki,
Ayrı düşən sevgilərdən
Geri qalan göz  yaşıyam.
Mən kiməm ki,
Ölüb gedən ümidlərin
qəbri üstə baş daşıyam.
 
Mən kiməm ki,
Bir yetimin gözlərində
yığılmış nakam acıyam.
Mən kiməm ki,
Anasız uşaq başına
qoyulmayan baş tacıyam.
Mən kiməm ki,
Uşaqlar oynayan zaman
ən kənarda məsum kəsəm. 
Mən kiməm ki,
Hamı ilə qəh-qəhəli
öz içimdə dinməz səsəm.
Mən kiməm ki, 
Toplamışam dünya yükün
tək başıma öz əlimə.
Mən kiməm ki,
Köçmək üçün vaxt sayıram
bu dünyadan əcəlimə.

Şərhlər