İRƏVANDAKI PROSESLƏR MAYDAN HADİSƏLƏRİNƏ BƏNZƏYİR

20.04.2018 12:55     Dünyadan reaksiya     1517

Hiss olunur ki, Qərbdə Ermənistandakı vəziyyətin dəyişdirilməsini istəyən nüfuzlu qüvvələr var

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın baş nazir seçilərək faktiki olaraq ölkə rəhbəri postunu ələ keçirməsi kütləvi etirazlara səbəb olub. Bir həftədən çoxdur ki, İrəvanda Serj Sarkisyanın hakimiyyəti yenidən qəsb etməsinə qarşı aksiyalar keçirilir. Etirazlar "məxməri inqilab” komitəsi yaradıldığını elan edən müxalif lider, deputat Nikol Paşinyanın rəhbərliyi altında həyata keçirilir.
 
Polislə qarşıdurmalar yaşanan aksiyalarda 100-dən çox adam həbs olunub, onlarla etirazçı xəsarət alıb. Aksiyaçılar tərəfindən hökumət binalarının, əsas magistral yolların bloklanması, aparıcı kütləvi informasiya vasitələrinin ələ keçirilməsi dövlət çevrilişinə cəhd kimi qiymətləndirilir. Nümayişləri təşkil edən Paşinyan əsas hədəfinin hakimiyyəti ələ keçirmək olduğunu deyib. Ermənistanda baş verənləri Maydan hadisələrinə bənzədənlər də var. Etirazçıların Qərbdən dəstək alması, Avropa KİV-lərində aksiyaların geniş şəkildə işıqlandırılması göstərir ki, Qərbdə Ermənistandakı vəziyyətin dəyişdirilməsini istəyən nüfuzlu qüvvələr var. Bu da Ukraynada gedən proseslərlə oxşarlıqdan xəbər verir. Məlumdur ki, düşmən ölkədə seçkilərdən öncə də aksiyanı təşkil edənlər parlamentdə qalib gəlmək və Sarkisyanın hakimiyyəti qəsb etməsinə mane olmaq üçün imkanlar axtarırdı. Amma bunu edə bilmədilər. Sarkisyan saxta seçkilərlə öz arzusunu reallaşdırdı. Nikol Paşinyan qanuni yolla bu saxtakarlığın qarşısını ala bilməyəcəyini görərək meydan üsuluna keçdi. Ukraynada baş verənlərdən bu hadisələrin fərqi ondadır ki, Ukraynada Qərbin əsas siyasi qüvvələri meydandakı insanlara birbaşa dəstək verirdilər. Ermənistanda isə Qərb siyasətçiləri birbaşa yox, dolayı yolla aksiyaçılara dəstək göstərir. Onu da vurğulamaq lazımdır ki, Nikol Paşinyan və ətrafındakıların hamısı Qərbdə yaşayan erməni diasporunun üzvləri ilə sıx təmasda olan, diaspordan dəstək alan insanlardır. Paşinyan özü də xaricdən maliyyələşdiyini dəfələrlə etiraf edib. Ermənistandakı etirazları dəyərləndirən ekspertlər yaxın zamanda nəticə əldə olunacağını düşünmürlər. Onların sözlərinə görə, "məxməri inqilab” hələ uzun zaman davam edəcək.
 
Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev deyib ki, Serj Sarkisyan rəsmi olaraq prezident kürsüsündən imtina etsə də, hakimiyyətdən əl çəkməyəcəyini heç vaxt gizlətməyib. Ekspertin sözlərinə görə, Sarkisyanın məqsədi baş nazir kürsüsünə yiyələnərək hakimiyyətinin ömrünü uzatmaq olub: "Ermənistan cəmiyyəti bu yalançı, korrupsioner, tayfabaz və saxtakar rejimdən cana doyduqlarından küçələrə axışmağa qərar verib. Koçaryanın prezidentliyindən sonra Ermənistanda hakimiyyət bütünlüklə "Qarabağ mafiyası” adlanan qruplaşmanın əlinə keçib. Bu qruplaşma xüsusi qəddarlıq, korrupsiya və rüşvətə bulaşaraq ölkəni orta əsrlər səviyyəsində idarə etməyə çalışır. Parlamentli respublika dövrün tələblərinə cavab verən bir quruluş olsa da, Serj Sarkisyan bu sistemin imkanlarından yararlanaraq cinayətkar rejimin ömrünü uzatmaq niyyətindədir. "Ermənistan ermənisi” ləqəbini qazanan prezident Armen Sarkisyanın "Qarabağ ermənisi” Serj Sarkisyana qarşı olan antipatiyası üzə çıxmaqdadır. Böyük ehtimalla Paşinyan hazırkı prezidentdən dəstək alır. 
 
Lakin Serj Sarkisyan tərəfində güc strukturlarının olması vəziyyəti daha da gərginləşdirir. Aksiyaların bir müddət davam edəcəyi bəllidir. Ən azından yay ayları Ermənistanda çox isti keçəcək”.
 
Reaksiya.az

Şərhlər

Çox oxunanlar