Trampın Suriyadan ABŞ qoşunlarını çıxartmaq qərarı qalmaqal yaratdı

20.12.2018 17:07     Dünyadan reaksiya     744

ABŞ Senatının bir sıra üzvləri prezident Donald Trampın Suriyadan qoşunları çıxarmaq barədə qərarına etiraz ediblər.

 Cənubi Karolinalı senator Lindsi Qrem “Tvitter”də bu qərarı sərt şəkildə tənqid edib: “Suriyadan qoşunları çəkmək Obama stilində həyata keçirilən səhvdir”.

Senatın xarici əlaqələr üzrə komitəsinin sədri Bob Korker (Tennessi) “hələ də nə baş verdiyini başa düşmədiyini” söyləyib. O, dövlət katibi Maykl Pompeo və Pentaqon rəhbəri Ceyms Mettisdən izahat gözlədiklərini bildirib.

Prezidentin qərarı demokrat senatorlar Robert Menendez (Nyu-Cersi) və Cek Rid (Rod Aylend) tərəfindən də tənqid olunub.

“Trampın heç bir plan və ya tədbir olmadan ABŞ qoşunlarını və Dövlət Departamentinin əməkdaşlarını dərhal geri çəkmək haqqında əmri qorxulu xəbərdir. Bu, həmçinin administrasiyada heç bir strategiyanın mövcud olmadığını göstərir”, - deyə hər iki senatorun birgə bəyanatında vurğulanır.

Senator Cim İnhofun (Oklahoma) fikrincə, prezident Donald Tramp qərarı verməzdən öncə bu barədə Senata, heç olmasa Silahlı Qüvvələr üzrə komitəyə məlumat verməli idi.

“Əgər bu geriçəkilmə tam olaraq baş versə, ABŞ-a müttəfiq olan bir çox insanlar öldürüləcək”, - deyə respublikaçı senator Ben Sass (Nebraska) qeyd edib.

Ben Sass cəmi bir həftə əvvəl qoşunların çıxarılması barədə gəzən söz-söhbəti “dəlilik” adlandıran administrasiyasının indi tamamilə başqa cür hərəkət etdiyinə diqqət çəkib.

Senator Rend Pol Donald Trampı müdafiə edən tək-tük senatorlardan biridir.

“Mən zəfər elan edərək, əsgərlərimizi müharibədən qaytaran prezidentimizə görə çox şadam. Belə bir şey çoxdandır ki, baş vermirdi”, - deyə o, Tvitterdə yazıb.

Xatırladaq ki, ABŞ prezidenti bu həftənin 3-cü günü Suriyadakı 2 minlik ABŞ hərbi kontingentinin geri çəkilməsi barədə göstəriş verib. Tramp bu qərarını Suriyada İŞİD üzərində qələbinin artıq təmin olunması ilə izah edib.
Reaksiya.az

Şərhlər

Çox oxunanlar